Əhalinin kəndlərdə səyyar qəbulları qrafikə uyğun davam edir
Aprelin 9-da RİH-nin başçısı İslam Rzayevin növbəti səyyar qəbulu 3664 nəfər əhali olan Qaysa kəndində oldu. Rayon rəhbəri kənddə yeni tikilmiş məktəbin geniş iclas zalında əyləşmiş kənd ictimaiyyətinin nümayəndələrini səmimi salamladıqdan sonra qeyd etdi ki, keçən ilin dekabr ayında olan səyyar qəbuldan sonra kənddə xeyli iş görülmüşdür. Ən əsası odur ki, ən vacib sosial problem həll edilmiş, kəndə qaz çəkilmişdir. Kəndin mərkəzi küçəsinə asfalt döşənmişdir. Zəlzələdən ziyan çəkmiş insanlara da kömək göstərilir. Qəzalı vəziyyətə düşmüş 24 ev yenidən tikilir.
Qəbulda olan kənd sakinlərindən Məhəmməd Əlibəyov son bir ildə kəndin abadlaşdırılması istiqamətində aparılan işlərə görə rayon rəhbərliyinə təşəkkür etdi. Eyni zamanda 35 min əhali yaşayan Qabaqçöl zonasında yanğından mühafizə stansiyasının yaradılmasının vacibliyini vurğuladı. Ayşa Çunayeva zəlzələ zamanı uçmuş evinin yerində yeni ev tikildiyinə, digər ziyan çəkən kənd sakinlərinə hərtərəfli köməklik olunduğuna görə ölkə prezidentinə dərin təşəkkürünü bildirdi . Şamil Oynağanov və Kamil Xəlilov lisenziya olmadan qazılan balıq göllərinin ucbatından əkin sahələrinin yararsız vəziyyətə düşməsindən gileyləndilər. Ramazan Osmanov kəndin Masrabgirmə yaşayış məntəqəsində içməli su üçün artezian quyusunun qazılmasına köməklik göstərilməsini xahiş etdi.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev öz çıxışında qeyd etdi ki, əvvəlki illərdən fərqli olaraq indi böyük həcmli -hamını narahat edən işıq, su, qaz problemlərindən, kənd məktəbinin, uşaq baxçalarının pis vəziyyətdə olması barədə söhbət getmir. Bu, sevindirici haldır. Hamı razıdır ki, ölkə prezidenti cənab İlham Əliyevin regionlara böyük diqqəti sayəsində kəndlər günü-gündən abadlaşır.
Keçən il baş verən zəlzələnin səhərisi günü ölkə prezidentinin bu bölgəyə səfəri, ziyan çəkən insanların evlərinin tikilməsi və bərpası üçün böyük məbləğdə vəsaitin ayrılması xalqa göstərilən qayğıya əyani sübutdur.
Lakin insanlar da hər şeyi dövlətdən gözləməli deyillər. Həyat şəraitinin yaxşılaşması kənd əhalisinin özündən də çox asılıdır. Kənd təsərrüfatının inkişafı, əkinçilikdə və heyvandarlıqda yüksək məhsuldarlığa nail olmaq üçün mütərəqqi üsullardan istifadə etmək lazımdır.
Balakənlilər həmişə dövlətçiliyə sədaqətli insanlar olublar. Şübhə yoxdur ki, bu il keçiriləcək prezident seçkilərində də fəal iştirak edəcəklər.