Mədəniyyət naziri Balakəndə vətəndaşları qəbul edib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. İyunun 21-də Mədəniyyət naziri Əbülfəs Qarayev Balakən rayon Heydər Əliyev Mərkəzində rayon sakinlərini qəbul edib.
Mədəniyət naziri Əbülfəs Qarayev qəbuldan öncə ulu öndər Heydər Əliyevin Balakən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda vətəndaşlar tərəfindən Balakən rayonunda Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi, Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən ustad dərslərinin keçirilməsi, “Söz” ədəbi layihəsinin rayonda təşkili, Heydər Əliyev Mərkəzində tanınmış rəssamların əsərlərinin nümayişi, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor qrupları üçün səhnə geyimlərinin verilməsi, mədəniyyət müəssisələrinə yeni ştatların verilməsi ilə bağlı müraciətlər edilib.
Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib. İlk olaraq Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanış olan nazirə məlumat verilib ki, muzeyin ekspozisiyasında qədim dövrdən müasir günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini əks etdirən 1400 eksponat və 500-ə yaxın elmi-köməkçi material nümayiş olunur.
Balakən şəhərində Uşaq incəsənət məktəbinin yeni inşa edilən binasına baş çəkən nazir görülən işlərlə tanış olub.
Nazir daha sonra Balakən şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, MKS-nin nəzdində xidmət, komplektləşdirmə və kitabişləmə, metodika-biblioqrafiya, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya-resurs və uşaq şöbələri fəaliyyət göstərir. Hazırda MKS 1 mərkəzi, bir şəhər və 16 kitabxana filialını özündə birləşdirir.
Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi barədə tapşırıq və tövsiyələrini verib.