Balakəndə xurma istehsalçıları ilə görüş keçirilib
İyulun 19-da Balakəndə “Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi tərəfindən xurma istehsalçıları ilə görüş keçirilib.
“Qubek” otelində keçirilən görüşü giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Bildirilib ki, Balakən rayonu hər zaman respublikamızda meyvəçiliyin inkişaf etdiyi rayonlardan biri kimi tanınıb. Xurma Balakəndə ən çox istehsal olunan və ən bol məhsul verən meyvəçilik sahələrindən biridir. Xurma Azərbaycanın, demək olar ki, bütün rayonlarında yetişdirilir. Amma Balakən xurması dadına, növlərinin sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər rayonlarda yetişən xurmadan fərqlənir. Balakən xurması təmiz, dadlı, şirəli və orqanizm üçün faydalı elementlərlə zəngindir.
Ölkə başçısı cənab İlham Əliyevin tövsiyyəsinə uyğun olaraq becərilən xurma məhsulunun satışı məqsədilə Balakən rayonunda “Balxurma” MMC və “Balacans” Konserv zavodunun nəzdində “Balakan Foods” müəssisəsi yaradılıb. “Balxurma” quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunmuş müasir standartlara cavab verən müəssisədir. “Balxurma” müəssisəsində istehsal üçün meyvələr Balakən rayonunun sakinlərinin şəxsi xurma sahələrindən yığılır, tam gigiyenik və ekoloji cəhətdən təmiz məhsul istehsal edilir.
Daha sonra çıxış edən “Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası”-nın sədri Qadir Yusifov bildirib ki, Azərbaycanda xurma istehsalı ilə məşğul olan fermerlərin əsas problemi aqrotexniki qaydalara riayət etməklə bağlıdır. Fermerlər xurma ağaclarını düzgün formada budamalı və suvarmalı, torpağın analizini aparmalı və standartlara uyğun məhsul yetişdirməlidirlər. Əks təqdirdə, satışda problemlər yaranır. Bunun üçün təsərrüfat sahiblərinə aqronomun köməyi lazımdır. Ona görə də “Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası” mütəmadi olaraq xurma istehsalçıları ilə görüş keçirir.
Digər çıxış edənlər-Balxurma MMC-nin icraçı direktoru İsfəndiyar İsfəndiyarov, KOB-un nümayəndəsi Elburus İsgəndərov ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyindən bəhs edib, xurma istehsalı və ixracı ilə bağlı fikirlərini bölüşüblər.
Həmçinin görüşdə xurma istehsalı və emalı sahəsində mövcud vəziyyət dəyərləndirilib, ölkənin ixrac potensialının artırılması üçün təkliflər irəli sürülüb.
Yığıncaqda iştirak edən fermerlər, iş adamları aqrar sahənin inkişafını daim diqqət mərkəzində saxladığına, meyvə istehsalçılarına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkür edib və qarşıya qoyulmuş vəzifələrin icrası üçün bütün səyləri sərf edəcəklərini bildiriblər.