Balakən rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
5 avqust 2019-cu il tarixində Balakən Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə Balakən rayonunda “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva, Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dilbər Quliyeva, Agentliyin məsul əməkdaşları Elvin Abbasov və Pərvin Baxşəliyeva çıxış ediblər.
Mehparə Əliyeva çıxışında bildirib ki, bu gün ölkəmizdə səhiyyə sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiq edilməsidir.
Agentliyin əməkdaşları icbari tibbi sığortanın məqsədi, əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi çərçivəsində göstəriləcək tibbi xidmətlər və icbari tibbi sığorta haqqı barədə çıxış ediblər. Bildirilib ki, icbari tibbi sığorta haqqı ödəyən və nəticədə sığortaolunan vətəndaş xidmətlər zərfi çərçivəsində əldə etdiyi tibbi xidmətlər qarşılığında xəstəxanaya heç bir ödəniş etməyəcək. Həkim göndərişi olmadan müraciət edən vətəndaşa isə müəyyən azadolma məbləğinin tətbiqi nəzərdə tutulub.
Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara icbari tibbi sığorta ilə bağlı buklet paylanılıb.