Yeni təmir olunan İtitala kənd uşaq bağçasına baxış keçirilib
Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Respublikamızda yüzlərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar yaradıb.
Son illər Balakən rayonunda mövcud olan 25 uşaq bağçası-körpələr evindən 5-i yenidən inşa olunub, 3-ü isə əsaslı təmir edilib. 06 avqust 2019-cu il tarixdə isə dövlət vəsaiti büdcə hesabına təmir olunan 3 qruplu 55 yerlik İtitala kənd uşaq bağçası-körpələr evinə baxış keçirilib.
Yeni təmir olunan uşaq bağçasında uşaqların yaşaması, ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılıb. Bağçanın dam örtüyü dəyişilib, dəhlizlər, yataq və məşğələ otaqları yenilənib. Bağçanın həyətində abadlıq işləri aparılıb.