Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin birinci rübündə Balakəndə ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 59 faiz artmışdır

30 aprel 2013 | 15:00

 2013-cü ilin birinci rübündə Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz artaraq 29,4 milyon manat olmuşdur. Hesabat dövründə rayonda 1,8 milyon manatlıq sənaye, 5,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 12 milyon manat həcmində pullu xidmətlər göstərilmiş, 9,8 milyon manatlıq tikinti işləri görülmüşdür. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 45 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 4 faiz, pullu xidmətlər 21 faiz, tikinti işlərinin həcmi isə 5,6 dəfə artmışdır.
Bu faktlar Balakən rayonunda keçirilən 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş yığıncaqda təqdim edilən hesabat məruzəsində səsləndirilmişdir.
Bildirilmişdir ki, rüb ərzində rayonun zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilmişdir. Ötən ilin mayında baş vermiş ilk zəlzələ zamanı evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün tikintisinə başlanan 215 fərdi evdən 213-ü artıq sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda, oktyabrın 13-14-də baş vermiş növbəti zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş daha 375 fərdi ev sökülərək yerində yenilərinin tikintisinə başlanılmışdır. Bundan əlavə, Qarahacılı və Püştətala kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmiş, Gərəkli kəndində 8 mənzilli yaşayış evinin və Katex kəndində 1 nömrəli uşaq bağçası üçün yeni binanın tikintisi davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, hazırda rayonda dövlət vəsaiti hesabına 6 yeni məktəb binası, bir uşaq bağçası, məcburi köçkünlər üçün çoxmənzilli bina, 3 yeni inzibati bina, habelə su-elektrik stansiyası tikilir. Azərbaycan Prezidentinin “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 28 mart tarixli Sərəncamına uyğun olaraq on altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi isə artıq başa çatmaq üzrədir və yolun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Məruzədə, həmçinin hesabat dövründə aqrar sahədə görülən işlər qeyd olunmuş, 2 min hektara yaxın sahədə yazlıq bitkilərin əkildiyi, Katex kəndi ərazisində 48 hektar sahədə yeni intensiv meyvə bağlarının salındığı, 14 hektar sahədə meşə əkinlərinin aparıldığı, ötən ilin eyni dövrü ilə müqayisədə süd istehsalının 96 ton, ət istehsalının 8 ton, yumurta istehsalının isə 184 min ədəd artdığı diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, rüb ərzində yaşayış məntəqələrinin qazlaşdırılması işi davam etdirilmiş, 1571 evə qaz xətti çəkilməklə, rayon üzrə təbii qaz istifadəçilərinin sayı 13 min 230 abonentə çatdırılmışdır.
Yığıncaqda, həmçinin birinci rübdə əhalinin aztəminatlı təbəqəsinə sosial müavinət, pensiya və təqaüdlərin verilməsi, sakinlərin elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması və digər məsələlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər