Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbullar keçirilib

26 sentyabr 2019 | 16:00

   Sentyabr ayında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şərif, Kortala, Püştətala kəndlərində və Qabaqçöl qəsəbəsində səyyar qəbullar keçirib. Qabaqçöl qəsəbəsində 26 sentyabr 2019-cu il tarixdə keçirilən görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Rüfət Əliyev də iştirak edib.

   Görüşlərdə çıxış edən İslam Rzayev yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, sentyabr ayından icrasına başlanılan ikinci sosial paketi əhatə edən Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamların icrası ilə ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılmasına başlanıb.

   Səyyar qəbullarda kənd sakinləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, həyata keçirilən sosial islahatlara görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kəndlərdə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, kənddaxili yolun asfaltlanmamış hissəsinə asfalt vurulmasına, çay sularından mühafizə üçün bəndlərin vurulmasına, içməli su ilə təchizatın yaxşılaşdırılması üçün artezian quyularının qazılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.

   Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.                  

Keçidlər