Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Balakən rayonunun üç kəndinə təbii qaz verilmişdir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Balakən rayonunun Qaysa, Zalban və Arılıqbinə kəndlərinin sakinləri dəyərli hədiyyə almışlar. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu kəndlərin qazlaşdırılması işləri başa çatdırılmış və mayın 4-də hər üç yaşayış məntəqəsinə təbii qazın verilməsinə başlanmışdır.
Bu münasibətlə Qaysa kəndində keçirilən mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çıxış edərək Ulu Öndərin doğum günü ərəfəsində kəndə təbii qazın verilməsinin sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, Yeni Şərif və Şambul kəndləri istisna olmaqla, rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin edilmişdir. Cari ilin sonunadək bu kəndlərə də təbii qazın verilməsi təmin olunacaqdır. Hazırda rayonda 14 min 500 abonent təbii qazdan istifadə edir. İlin sonunadək qazlaşma işlərinin tam yekunlaşdırılması, abonentlərin ümumi sayının 20 minə çatdırılması nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, 735 abonenti olan Qaysa kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 65 min metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təmin edilmişdir.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və mənzillərə “mavi yanacaq” verilmişdir.