Balakəndə Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Balakən rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.
Mərasimdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 2019-cu ilin xalq, o cümlədən balakənlilər üçün uğurlu olduğunu qeyd edən İslam Rzayev bu il həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışıb.
Rayon rəhbəri bildirib ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür: “Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin formalaşdırılaraq bugünkü səviyyəyə çatması üçün ulu öndər Heydər Əliyevə borcluyuq”.
Daha sonra Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs ediblər. Rayonun musiqi kollektivləri konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıb.