Qanlı Yanvar faciəsinin 30-cu ildönümü Balakəndə dərin hüznlə anılıb
Balakən rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü dərin hüznlə yad edilib.
Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Balakən şəhərində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və ictimaiyyət nümayəndələri, Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarları üzərinə və xatirə abidəsinin önünə gül dəstələri qoyaraq onların ölməz xatirəsini ehtiramla yad ediblər.
Rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrindən səs siqnalları verilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev şəhid ailələrinə başsağlığı verərək, şəhidlərimizin Vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edib. Bildirilib ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Anım mərasimi rayon Mədəniyyət Mərkəzində məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərinin nümayişi və mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.