Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən gəncləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar

02 fevral 2020 | 16:00

  Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral - Azərbaycan Gəncləri Günü Balakən rayonunda da müxtəlif tədbirlərlə qeyd olunur.
   Əlamətdar gün münasibətilə fevralın 1-də Balakən şəhərində “Gələcək gənclərindir” adlı bədii-əyləncəli tədbir keçirilib.
   Tədbir iştirakçıları əvvəlcə rayonun yaradıcı gənclərinin əl işlərindən ibarət və “Gənclər evi”nin idman və gənclərlə iş sahəsində qazandığı nailiyyətlərin əks olunduğu sərgilərlə tanış olublar.
   Bayram tədbirində rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov çıxış edərək, 2019-cu ildə Balakən gənclərinin təhsil, idman, incəsənət və digər sahələrdə qazandıqları uğurlar barədə danışıb. Ölkəmizdə gənclər və idman siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladan idarə rəisi hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
   “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev qurumun fəaliyyəti barədə danışıb, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb.
   “Gənclər evi”nin bir illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
   Tədbirdə rayon icra hakimiyyəti aparatında şöbə müdirinin müavini Turan Dibirov və mərkəzi xəstəxananın baş həkimi Dilbər Quliyeva ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, rayon gənclərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
   2019-cu ildə rayonun ictimai-siyasi, idman, incəsənət və digər sahələrdə uğur qazanan, həmçinin “Gənclər evi”ndə könüllülük fəaliyyəti ilə məşğul olan fəal gənclərə diplomlar təqdim olunub.
   Bayram tədbiri bədii-əyləncəli konsert proqramı ilə davam edib.                                             

Keçidlər