Balakəndə 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib
Fevralın 18-də Balakəndə 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və qonaqlar müşavirədən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev geniş hesabat məruzəsində bildirib ki, 2019-cu ildə Balakən rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 1,2 faiz artaraq 226 milyon manat olub. Hesabat dövründə rayonda 48,2 milyon manatlıq sənaye, 79 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 16,6 milyon manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 8,2 faiz artıb. Ötən il rayonun sənaye müəssisələri 20 milyon manat dəyərində quru meyvə və tərəvəz ixrac ediblər. Özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması üçün sahibkarlara 3 layihə üzrə 4 milyon 540 min manat güzəştli kredit verilib.
İslam Rzayev hesabat məruzəsində qeyd edib ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2019-cu ildə mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin, baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, ötənilki mövsümdə 311 kümçü tərəfindən 44,1 ton yaş barama istehsal edilərək proqnoz tapşırığa 102,6 faiz əməl olunub. Bu il yaş barama istehsalının 50 tona çatdırılması proqnozlaşdırılır.
2019-cu ildə rayonda 450 hektar sahədə tütün əkilib, 512,3 ton quru tütün istehsal edilib. Hesabat ilində 772 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 10 min 716,1 hektara çatdırılıb.
Diqqətə çatdırılıb ki, ötən il rayonda 44 min 173 ton qarğıdalı, 28 min 845 ton tərəvəz, 5 min 596 ton kartof, 3 min 628 ton bostan məhsulları istehsal edilib. Bitkiçiliklə yanaşı, heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, ət, süd, yumurta, yun istehsalı əvvəlki illə müqayisədə artıb. Bal istehsalında isə 27,7 faizlik artım qeydə alınıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 939,2 min manat məbləğində dövlət yardımı göstərilib. Bu, əvvəlki illə müqayisədə 320,1 min manat çoxdur.
Məruzədə 2019-cu ildə rayonda həyata keçirilən tikinti-quraşdırma və təmir işləri barədə də məlumat verilib. Bildirilib ki, hesabat ilində Balakən şəhərində Uşaq İncəsənət Məktəbi üçün 320 şagird yerlik yeni binanın tikintisi başa çatdırılıb. “ASAN xidmət” mərkəzinin inzibati binasının, Balakən paylayıcı elektrik şəbəkəsinin inzibati binası və idarəetmə mərkəzinin tikintisi davam etdirilib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin rayon şöbəsinin inzibati binası tikilərək istifadəyə verilib. Eyni zamanda, Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi layihəsi üzrə 29 kilometr, Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi layihəsi üzrə 24,5 kilometr uzunluğunda yola ikiqat asfalt-beton örtük çəkilib. Yevlax-Balakən-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex kəndi ərazisindən keçən hissəsində yeni körpü inşa edilib.
Müşavirədə, həmçinin 2019-cu ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən söz açılıb.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.
Müşavirənin sonunda Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan Ayparə Dadayevaya orden təqdim olunub.