Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Balakən rayonunda fəaliyyətə başlayıb

19 fevral 2020 | 16:00

   19 fevral 2020-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Balakən rayonundakı Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə icra hakimiyyətinin, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
   Tədbirdə Balakən RİHB-nın müavini Nəzakət Rüstəmova çıxış edərək, rayon gənclərinin qazandığı uğurlar barədə danışıb. Bildirilib ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün çox önəmlidir. Bu gün ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır. Gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminat, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində davamlı tədbirlər həyata keçirilir.
   Tədbirdə Gənclər Fondunun direktor müavini Qədir Xəlilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Rəvanə Həşimova çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclər üçün yaradılan imkanlar barədə danışıblar. Natiqlər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
   Qeyd edilib ki, nümayəndəliyin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdir. Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər və seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəlik vasitəsilə rayonda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.
    Sonra tədbir iştirakçıları Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərində yaradılan şəraitlə tanış olublar.
   Tədbir musiqili-əyləncəli proqramla davam etdirilib.                                                           

Keçidlər