Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə kitab bayramı keçirilmişdir

08 may 2013 | 15:00

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Balakən şəhərində kitab bayramı keçirilmişdir.
Mərkəzi Kitabxananın qarşısındakı meydanda rayon rəhbərliyinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmiş, Ulu Öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışmışlar.
Tədbirdə qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxana işinin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyır. Bildirilmişdir ki, hazırda rayonun kitabxanalarının fondlarında 160 mindən artıq ədəbiyyat vardır. Bu kitabların 67 minə yaxını dövlətimizin başçısının Sərəncamına uyğun olaraq latın qrafikası ilə çap olunmuş ədəbiyyatdır.
Sonra bayram iştirakçıları Ulu Öndər haqqında yazılmış kitablardan ibarət sərgi ilə tanış olmuş, bədii qiraətçilərin çıxışlarını, uşaq incəsənət məktəbi şagirdlərinin hazırladıqları maraqlı konsert proqramını izləmişlər.

Keçidlər