Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir
Xocalı faciəsinin 28-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da geniş şəkildə qeyd olunub.
Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilib, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunub, fevralın 26-da rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr edilib.
Faciənin ildönümü ilə bağlı Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Balakən rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. Mərasimində çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülən işlər barədə ətraflı məlumat verib. Rayon rəhbəri bildirib ki, Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Tədbirdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını qeyd edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Xocalı şəhərindən olan rayonumuzda məskunlaşmış ailələrin üzvləri ilə birlikdə ”Şəhidlər Xiyabanı”nda vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyublar.
Tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş bəşəriyyət tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olub, mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.