Balakən Rayon İcra Hakimiyyətinin başçısı təsərrüfatçılarla görüşüb
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qullar və Gərəkli kəndində təsərrüfatçılarla görüşüb. Təsərrüfatlarda yaz tarla işlərinin gedişi ilə tanış olan rayon rəhbəri təşərrüfatçıların təklif və problemlərini dinləyib. Bəzi məsələlərin həlli nəzarətə götürülüb.
Qeyd edək ki, builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 450 hektarda tütün əkini nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanalar qurulub. Rayonda tütün istehsalı ilə məşğul olan “Azərtütün ASK” MMC, “Azəri” Korporasiyası və “İlham-M” MMC tərəfindən tütün yetişdirilməsi ilə əlaqədar istehsalçılarla müqavilələr bağlanılıb və onlar istixanaların hazırlanması üçün lazım olan polietilen örtük və toxumla təmin ediliblər.
Balakənli fermerlər bu il 363 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 84 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər. Tütün əkiləcək sahələr müəyyənləşdirilib və şumlanaraq əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.