Balakəndə koronavirus əleyhinə tədbirlər gücləndirilib
Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonunda tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
Martın 23-24-də Rayon İcra Hakimiyyətinin inzibati binasında, Balakən şəhərinin prospekt və küçələrində, insanların sıx toplaşdığı ərazilərdə, yaşayış məhəllələrində növbəti dəfə dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə şəhərinin küçələri xüsusi maddələrlə təmizlənib.
Dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.