Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir

28 mart 2020 | 16:00

  Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin müxtəlif ərazilərində sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara koronavirusdan qorunmaq üçün lazımi tövsiyələr verilib. Həyata keçirilən tədbirlərdə rayon polis şöbəsinin əməkdaşları da iştirak ediblər. 

 Rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə Balakəndə hər birində 2 nəfər olmaqla ümumilikdə 25 qrup yaradılıb.

   Sakinlərlə aparılan söhbətlər zamanı xüsusi karantin rejiminin qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl etməyin vacibliyi vurğulanıb. Bildirilib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

   Bir gün ərzində qruplar tərəfindən 238 nəfərlə profilaktik söhbət aparılıb, 58 nəfərin evə göndərilməsi təmin edilib. Ərzaq mağazalarının kassalarının, eyni zamanda bankomatların qarşısında ara məsafəsi qorunmaqla növbələr tənzimlənib və maarifləndirmə söhbətləri aparılıb. Bununla yanaşı, park və meydanlarda əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə oturacaqlar götürülüb.                                            

Keçidlər