Balakən rayonunda yaşlı insanlara yardım göstərilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Balakən rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.
Balakən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan insanlara yardım aksiyası keçirilir. Rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşları, könüllülər kənd və qəsəbələrdə yaşayan tənha, yaşı 65-dən yuxarı olan 30 ailəyə baş çəkərək onlara tibbi-profilaktik ləvazimatlar paylayıblar.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.