Şriftin ölçüsü :

Saytın rəngi :

DÖYÜŞƏ HƏKİMLƏR GEDİR!

08 aprel 2020 | 16:00

Dünyanın hər yerində olduğu kimi yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə Azərbaycan dövləti də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarını nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir. Bu gün ölkə vətəndaşlarının, onların sağlamlıqlarının müdafiəsi əsas vəzifəyə çevrilib. Belə gərgin günlərdə həkimlərin və tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Birinci vitse-prezident Mehriban xanım Əliyeva həkimlərin fədakarlığını qiymətləndirərək: "Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir" demişdir.
   Koronavirusla mübarizədə Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri də əzmkarlıq və məsuliyyət nümunəsi göstərirlər. Hazırda Balakən Rayon Mərkəzi Xəstəxanası regional karantin mərkəzi kimi fəaliyyətdədir. Həmin vaxtdan etibarən Mərkəzi Rayon Xəstəxanasının tibb personalı insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. İlk xəstə 30 mart 2020-ci il tarixindən Xəstəxanaya daxil olmuş, hazırda 10 nəfər aktiv koronavirus xəstəsi isə burada müalicə alır. Onlarla 88 nəfər tibb işçisi məşğul olur. 1 nəfər xəstə isə artıq sağalaraq evə buraxılıb. Həmin həkimlər “Qubek oteli”ndə yerləşdirilmiş və onların ehtiyacları otel tərəfindən tam qarşılanır. Balakən həkimləri və tibb işçiləri bu çətin işdə yorulmadan mübarizə aparır və hər bir xəstəyə xüsusi qayğı ilə yanaşırlar.
   Koronavirusa qarşı mübarizənin ön cəbhəsində olan ağ xalatlı qəhrəmanların əməllərini və işini vətəndaşlar, dövlət görür və dəyərləndirir. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan vermişdir.
   Biz də bu “döyüş”də üzərimizə düşən sadə öhdəliyi başa düşməli, karantin qaydalarına əməl edərək və evdə qalaraq həkimlərə dəstək olmalıyıq. Əminik ki, Azərbaycan həkimləri və xalqımız ön cəbhədəki bu mübarizədən üzüağ çıxacaqdır.
   Eşq olsun, koronavirusla mübarizədə öz sağlamlıqlarını təhlükəyə ataraq, doğmalarından ayrı düşərək insanların sağlamlığının keşiyində duran həkimlərimizə!         

Keçidlər