Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirir
Mayın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının X konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin Balakən şəhərinin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
YAP rayon təşkilatının sədri Azad Balayevin hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan ötən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Bildirilmişdir ki, rayon təşkilatının X konfransı xalqımız üçün çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlərdə xalqımız dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini böyük təntənələrlə qeyd edir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanmış Ulu Öndər kimi yaşayır.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP-ın yaradılması ilə Ulu Öndər hakimiyyətə sivil yolla gəlməyin yolunu göstərmişdir. Ümummilli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Ötən illər ərzində YAP mühüm hadisələr, qələbələrlə dolu şərəfli bir tarix yaşamış, davamlı inkişaf yolu keçmişdir.
Bu gün öz sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 600 mindən çox üzvü birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.
Konfransda Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Emin Abbasov, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmişlər.
Qeyd olunmuşdur ki, 2013-cü il ölkəmiz üçün həm də növbəti prezident seçkiləri ilə əlamətdar olacaqdır. YAP Mərkəzi Aparatı bu ilin martından artıq prezident seçkilərinə hazırlıq işlərinə başlamış, fəaliyyət proqramı təsdiq edilmiş, rayon təşkilatlarının qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, qarşıdan Yeni Azərbaycan Partiyasının V qurultayı gəlir. Hakim partiya olan YAP bu qurultayda Azərbaycan prezidentliyinə namizədini irəli sürəcəkdir. Bu gün birmənalı şəkildə qeyd etmək olar ki, 600 mindən çox üzvü olan YAP partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf kursunu dəstəkləyəcək, prezident seçkilərində bütün qüvvələri səfərbər edərək Yeni Azərbaycan Partiyasının namizədinin qalib gəlməsi üçün səylə çalışacaqdır.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.