Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Böyük Vətən müharibəsi veteranları ziyarət edilib

09 may 2020 | 16:00

 İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Faşizm üzərində tarixi Qələbənin əldə edilməsində Balakənin qəhrəman oğul və qızları da böyük rəşadət göstərib, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Ön cəbhələrə yola salınan 6 minə yaxın balakənli döyüşçünün yarıdan çoxu müharibədən geri qayıtmayıb.
   Respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da müharibə veteranları daim diqqət və qayğı ilə əhatə olunublar. İllər keçdikcə onların sıraları azalır. Hazırda Balakən rayonunda iki nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır. 95 yaşlı Rəcəbov Zahid Mehdi oğlunun və 94 yaşlı Perekrestov İosif Pavloviçin qəhrəmanlıqla dolu şərəfli ömür yolu balakənli gənclərə əsl nümunə, örnəkdir.
   İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü münasibətilə Balakən Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi mayın 9-da Zahid Rəcəbovu və İosif Perekrestovu evində ziyarət ediblər. Veteran döyüşçüyə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
   Həmçinin Balakən rayonu Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşları, könüllülər və gənclər müharibə veteranlarının evlərində olub, onlarla görüşüblər. Veteranlar gənclərə müharibə illərində şahidi olduqları məhrumiyyət və çətinliklərdən, keçdikləri döyüş yolundan xatirələr danışıblar.
   Müharibə veteranlarının ailə üzvlərinin də iştirak etdiyi görüşdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər il 9 May Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Hazırda müharibə veteranlarına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin bu il aprelin 24-də imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, həmçinin müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara və digər vətəndaşlara 750 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.
   Veteran döyüşçülər və ailə üzvləri müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.                           

Keçidlər