Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən könüllüləri pandemiya ilə mübarizəyə öz töhfələrini verirlər

18 may 2020 | 16:00

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
   Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə keçirilən aksiyalar çərçivəsində YAP Balakən rayon təşkilatının, Balakən rayon Gənclərin İnkişafı və Kariyera mərkəzinin, Balakən Gənclər Evi sosial xidmət müəssisəsinin, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar maarifləndirmə işinə fəal töhfə verirlər.
   Balakən rayon Gənclərin İnkişafı və Kariyera mərkəzinin könüllüləri “Böyüklərimizi qoruyaq!” devizi altında 8, “Könüllü Qonşu” aksiyası çərçivəsində isə 16 aztəminatlı ailəyə və fiziki məhdudiyyəti olan şəxslərə evlərində baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.  Həmçinin könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik edirlər.
   Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri  “bizbirlikdegucluyuk.az” portalına və 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında Balakən rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatlarının paylanılmasında fəallıq göstəriblər.
   Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.                

Keçidlər