Şriftin ölçüsü :

Saytın rəngi :

Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amilidir

22 may 2020 | 16:00

 Kölgə iqtisadiyyatı dedikdə, iqtisadiyyatın dövlətdən və cəmiyyətdən gizlədilən hissəsi, eləcə də dövlətin nəzarət və uçot siyasətindən kənarda qalan hissəsi başa düşülür. Kölgə iqtisadiyyatı qanunla qadağan olunmayan, lakin vergilər başda olmaqla bəzi ödənişlərdən yayınmaq məqsədilə həyata keçirilən sahibkarlıq fəaliyyətidir. Son illər ölkəmizdə kölgə iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına yönəlmiş mühüm addımlar atılmışdır. Xüsusilə son dövrlərdə Cənab Prezident İlham Əliyev bu məsələyə diqqəti artırmış və qəti surətdə kölgə iqtisadiyyatına yol verilməyəcəyini bildirmişdir. Ölkə başçısı müxtəlif vaxtlarda kölgə iqtisadiyyatı ilə bağlı fikirlərini səsləndirmişdir. Belə ki, ölkə başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da demişdir: "kölgə iqtisadiyyatı" böyük bəladır və ölkəmiz bu bəla ilə çox ciddi mübarizə aparır. Biz "kölgə iqtisadiyyatı"na qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq". Bundan əlavə Prezident İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda demişdir: “Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır”.
   Ölkəmizdə ən yüksək səviyyədə səsləndirilən fikirlərdən də aydındır ki, kölgə iqtisadiyyatı ilə mübarizə ciddi şəkildə aparılmaqdadır. Ancaq vurğulamaq lazımdır ki, kölgə iqtisadiyyatı sadəcə Azərbaycanda deyil dünyanın müxtəlif ölkələrində müxtəlif səviyyələrdə mövcuddur. Kölgə iqtisadiyyatının durmadan artdığı ölkələrin böyük əksəriyyəti Asiya və Afrika qitələrində yerləşməklə,  həcminin azalmağa doğru getdiyi ölkələr isə  inkişaf etmiş ölkələr olmaqdadır.
   Bəli, hər ölkədə az və ya çox səviyyədə kölgə iqtisadiyyatı mövcuddur və bir neçə il əvvələ kimi ölkəmizdə gizli iqtisadiyyat və yaxud da kölgə iqtisadiyyatının həcmi kifayət qədər geniş idi. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılmış,  İşçilərlə əmək müqavilələrinin bağlanmaması və ya qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir "biznes təcrübəsinə" çevrilmişdi.  Hal-hazırda isə aparılan mübarizə tədbirlərinin nəticəsində vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb və mühüm uğurlara nail olunub. Belə ki, dövlət büdcəsinə daxilolmaların həcmi artıb, qeyri-leqal məşğulluğun qarşısının alınmasında əhəmiyyətli irəliləyiş əldə olunub və maliyyə intizamı artırılıb.
   Ölkəmizdə şəffaflığın inkişafının təmin edilməsi istiqamətində 2018-ci il "keçid ili" elan olunmuşdur. Vergi Məcəlləsinin 300-dən çox maddəsinə dəyişiklik edilmişdir ki, bunların böyük əksəriyyəti "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına yönəldilib. Bura, ilk növbədə, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb olunmasına görə işəgötürənə tətbiq edilən maliyyə sanksiyalarının artırılması, malların sənədsiz dövriyyəsinə, o cümlədən malların sənəd təqdim edilmədən satılmasına və alınmasına, habelə xərclərin sənədlərlə rəsmiləşdirilməməsinə və vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi daxil edilmişdir.
   Aparılan ciddi islahatlar və dəyişikliklərlə 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Eyni zamanda son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Qeyd olunmalıdır ki, qeyri formal məşğulluqla sadəcə dövlətin mübarizə aparmağı kifayət deyil. Eyni zamanda vətəndaşlar da bu işdə maraqlı olmalı və işəgötürəndən bunu tələb etməlidirlər. Çünki, əks təqdirdə vətəndaşlar dövlətin maliyyə dəstəyinin böyük hissəsindən kənarda qalır, işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilmirlər. İşəgötürənlər də bu işdə eyni dərəcədə maraqlı olmalıdırlar. Xüsusilə pandemiya dövründə bu özünü daha çox büruzə verdi. Belə ki, pandemiya dövründə dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə etdi. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
   Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.
   Koronavirus dövrünün “acı nəticələri” bir daha təsdiq etdi ki,  hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Bu həm dövlət, həm sahibkar, həm də vətəndaş üçün ən düzgün olandır.

Keçidlər