Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir

07 iyun 2020 | 16:00

 "Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır".
    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı ilə görüşündə deyib.
   Dövlət başçısı bildirib ki: "Bildiyiniz kimi, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib".
    Prezident cənab İlham Əliyev deyib: "Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb".

Keçidlər