Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib

11 iyun 2020 | 16:00

Dövlətimizin başçısı İlham Əliyev üç modul tipli xəstəxananın açılışında bir daha bildirmişdir ki, Azərbaycan dövləti şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutdu

   Koronavirus pandemiyasının insan sağlamlığına, ölkələrin iqtisadiyyatına vurduğu zərbə ilə yanaşı, hər bir ölkənin mübarizənin birinci mərhələsindən neçə çıxdığı, növbəti dalğaların qarşısını almaq üçün hansı tədbirlərin daha məqsədəuyğun hesab edildiyi geniş təhlil olunmaqdadır. Təbii ki, bu problem xəstəliklə əlaqədar olduğu üçün öncə hər bir ölkənin səhiyyə sistemində mövcud imkanlara diqqət yetirilir.
   Azərbaycan səhiyyəsi bu gün inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin insan amilinə verilən dəyərdən qaynaqlanan addımları yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsindən, maddi-texniki bazasının möhkəmləndirilməsindən, yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmasından aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası səhiyyənin inkişafına və insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasındandır. Sənəd koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə imzalanıb. Sərəncama əsasən 10 modul tipli xəstəxana kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur ki, artıq onlardan dördü reallaşıb. Bu günlərdə cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışında ölkə Prezidenti vurğulamışdır ki, Azərbaycan dövləti şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutdu. Statistikaya diqqət yetirək. Cari ilin beş ayında ümumi daxili məhsul 1,7 faiz aşağı düşüb. Bu, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə çox kiçik həcmdir. Qeyri-neft sektorunda sənaye 14 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb, inflyasiya 3 faizdən aşağı, proqnozlaşdırılmış səviyyədədir. Bir sözlə, pandemiya dövründə Azərbaycanda iqtisadi fəaliyyət uğurlu olub. Bu günə qədər və bundan sonra da əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır.
   Azərbaycanın mübarizə tədbirləri ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirilir. Tədbirlərin sistemli xarakter daşıdığı xüsusi önə çəkilir. Ciddi karantin rejimi tətbiq olundu. Böyüklərimizə diqqət və qayğıdan irəli gələrək 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyuldu. Tənha yaşlılara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, eyni zamanda, könüllülərimiz sosial xidmətlər göstərirlər. Bu yaşda olan vətəndaşlarımız virusa yoluxmağa daha riskli qrup kimi diqqətə alındı. Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların vacib olmadığı təqdirdə evlərindən çıxmaması mübarizə tədbirlərinə başlanıldığı gündən bu günədək tövsiyə olunmaqdadır. Lazım olan gigiyena və özünütəcrid qaydalarına riayət etmək bir tələb kimi qarşıya qoyulub. Koronavirusa qarşı mübarizə tədbirlərini daim diqqətdə saxlayan cənab İlham Əliyev ilk gündən “Biz nə etməliyik” sualı ətrafında fikirlərini belə ifadə etdi ki, qaydaların pozulmasına imkan verməməliyik.
   Məhz qabaqlayıcı tədbirlərin lazımi səviyyədə həyata keçirilməsi, insanların sağlamlığına diqqətdən irəli gələrək karantin rejiminin sərtləşdirilməsi fonunda xəstəliyə yoluxanların sayı azaldı, müalicə alanların sayı isə çoxaldı. Məhz bu müsbət nəticələr karantin rejiminin zaman-zaman yumşaldılmasına yol açdı. Cənab İlham Əliyev bildirir: “...hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.”
   Dövlətimizin başçısı İlham Əliyev 3 modul tipli xəstəxananın açılışında vacib və əhəmiyyətli addımlardan biri kimi Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını xüsusi qeyd etdi: “Mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.”
   Ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birillik əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmələri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Sahibkarlar, ayrı-ayrı dövlət qurumları, o cümlədən sadə insanlar fonda ianələr köçürdülər. Cənab İlham Əliyevin vurğuladığı kimi, bu, xalqımızın çətin anlarda birliyinin, həmrəyliyinin göstəricisidir. “Biz birlikdə güclüyük!” çağırışı mübarizə tədbirlərinin əsasında dayanır. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər birliyin, həmrəyliyin önəminə işıq salır. Ölkə Prezidenti bu inamı ifadə edir ki, “Biz birlikdə güclüyük!” şüarı bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.
   Dövlət dəstəyi, dövlət-vətəndaş birliyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin fədakarlığı, vətəndaş məsuliyyəti koronavirus pandemiyasına qarşı mübarizənin əsas tərkib hissələridir. Ölkə Prezidenti İlham Əliyev bu müqayisəli təhlili diqqətə çatdırır ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alır, onları heç xəstəxanalara da qəbul etmirlər. Təbii ki, bu, onların sağlamlığına təhlükə yaradır. Ölkəmizdə koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri məhz odur ki, yoluxmuş bütün xəstələr tibb müəssisələrinə qəbul edilir, onlara lazımi xidmət göstərilir. Koronavirus xəstələrini müalicə etmək üçün dünya standartlarına cavab verən, maddi-texniki bazaya malik olan xəstəxanalar ayrılıb. Cari ildə açılışı olan “Yeni klinika” tibb müəssisəsi də bu xəstələrin ixtiyarına verilib. Ümumilikdə, koronavirus xəstələrin müalicəsi ilə məşğul olan xəstəxanaların sayı 20-dən çoxdur.
   Aparılan müqayisəli təhlil bu qənaətə əsas verir ki, əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, Azərbaycan üçün nə qədər böyük problem yarana bilər, bunu düşünmək çətin deyil. Lakin dövlətimiz insanların sağlamlığının təminatını hər şeydən üstün tutaraq qısa müddətdə səhiyyə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yönəltdi, xəstəxanalar bütün zəruri avadanlıqlarla təmin edildi. Ümumilikdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir. Cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olub.
   Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin koronavirusla mübarizə tədbirləri beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi ölkə adlandırıb. Təbii ki, bu nümunəviliyi şərtləndirən amillər istər ölkə daxilində görülən işlər, istərsə də beynəlxalq həmrəyliyə, birliyə verilən töhfələrdir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videoformatda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə bu fikirlər xüsusi qeyd olunmuşdur ki, təəssüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyi özünü bir daha təsdiqlədi. Dövlətimizin başçısının iki əks qütbləri- Avropa İttifaqını və Qoşulmama Hərəkatını pandemiyaya qarşı mübarizədə bir araya gətirməsi beynəlxalq səviyyədə qazandığı “dünyanı birləşdirən ölkə” mövqeyini daha da möhkəmləndirdi. Cənab İlham Əliyev 3 modul tipli xəstəxananın açılışında bu məqamı da xüsusi qeyd etmişdir: “Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda, Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir. Azərbaycan liderlik göstərib.”
   “Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik” söyləyən cənab İlham Əliyev pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən birinin Azərbaycan olduğunu da xüsusi qeyd edir. Bax, budur müstəqilliyimizin üstünlükləri.
   Qeyd olunanlar Azərbaycanın malik olduğu imkanların təqdimatı ilə yanaşı, insan amilinə verilən dəyərin göstəricisidir. Ölkə vətəndaşları dövlətimizin başçısı İlham Əliyevin bu diqqət və qayğısını, pandemiyaya qarşı mübarizə tədbirlərini alqışlayır, daim Prezidentlə həmrəy olduqlarını, onun ətrafında sıx birləşdiklərini ünvanladıqları saysız-hesabsız təşəkkür məktublarında xüsusi qeyd edirlər. Dövlət-vətəndaş birliyi, həmrəyliyi uğurlarımızın əsasıdır.

Keçidlər