Azərbaycan Prezidenti: Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir
Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur.Bu sözləri Prezident İlham Əliyev modul tipli xəstəxanaların açılışında bildirib.
Dövlətimizin başçısı deyib: “Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunubdur və Azərbaycan burada da liderlik göstəribdir. Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınması - bütün bu işlərə dövlət böyük vəsait ayırdı”.