Anarxiyadan sabitliyə, güclü dövlətə və tərəqqiyə doğru
1993-cü ilin 15 iyun tarixindən 27 il keçir. 1997-ci ilin iyun ayında Milli Qurtuluş Günü bayramı elan edilən bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət almaq müstəqil dövlətimizin ötən illərdə keçdiyi yolu, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir.
Dövlət müstəqilliyi bərpa edilən Azərbaycan xalqının qarşısında bir sıra mühüm vəzifələrin həll edilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və məhkəmləndirmək, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək, fəal xarici siyasət yürütmək, Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü dayandırmaq və nəticələrini aradan qaldırmaq və sair. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı hərbi təcavüzü davam edir, bu respublikada tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilər bir-birinin ardınca işğal edilir, etnik-tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkünə çevrilirdi. Digər tərəfdən isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi. 1992-ci ilin mayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın problemlərini həll edə bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemlərin yanlış qoyulması və onların həllinə primitiv, məhdud yanaşma, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin artması, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud hərəkətlər ölkədə ümumi böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü.
Dövlətin xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyyatlara əsaslanan xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi. Azərbaycan dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı. Xalqın və dövlətin taleyini öz üzərlərinə götürmüş vəzifə sahibləri belə şəraitdə bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi.
Çoxlu mürəkkəb suallar qarşısında dayanan və xilaskar axtarışında olan Azərbaycan xalqının nəzərləri hələ sovet dövründən yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı Heydər Əliyevə yönəldi və xalq ümidlə ona üz tutdu. Xalqın inamına görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.
Beləliklə, 1993-cü ildə müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsi qarşısında dayandıqda onu xilas edən dünyanın görkəmli siyasi və dövlət xadimlərindən biri Heydər Əliyev oldu. Bu, taleyin verdiyi ağır, lakin əbədiyaşar və müqəddəs bir milli vəzifə idi. Xalqın təkidli tələbləri qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Millətin güvənc yeri olaraq milli liderlik missiyası daşıyan Heydər Əliyev parlamentdə çıxış etdi, sonra isə qiyamın baş verdiyi Gəncəyə getdi. Şəhər əhalisi ilə görüşərək şəraitlə yerində tanış oldu. Bakıya qayıtdı. İyunun 15-də Azərbaycan parlamentinin Sədri seçildi. Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli mürəkkəb və ağır vəzifələri həll etmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji ruhunu yüksəldərək dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və sair.
Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış biristiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək idi. Coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti yürütmüş böyük dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Heydər Əliyev ölkəni, dövləti və xalqı bəlalardan qurtararaq xilaskarlıq missiyasını yerinə yetirdi və 15 iyun Azərbaycan tarixinə qurtuluş kimi daxil oldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində tamamilə yeni bir dövr başladı. Bu, müasir müstəqil milli dövlətin və dövlətçiliyin xilası, möhkəm əsaslarda qurulmasının başlanması dövrü idi. Hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətini dağılmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən ulu öndər Heydər Əliyev ənənəsi olan indiki Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu. Müasir milli dövlət quruldu. Dövlətin və millətin inkişafı baxımından bir sıra tarixi əhəmiyyət daşıyan məsələlər həll edildi. Yaxın illərin təcrübəsi sübut edir ki, yeni müstəqil dövlətlərdə hələ dərin ənənələr formalaşmadığından mürəkkəb anlarda problemlər yaranır. Ona görə də həmin ölkələrdə dövlət rəhbərinin şəxsiyyəti və bacarığı müstəsna aparıcı amillərdən biridir. Bu baxımdan görkəmli dövlət və siyasət adamı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev siyasətinin davam etdirilməsinə tərəfdar olan xalqın şansı oldu.
Heç şübhəsiz, bundan sonra min illər keçəcək, Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövlətimizi güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik və siyasi milliyyətçilik irsinə müraciət edəcəklər. Beləliklə, əbədi olaraq Azərbaycan xalqı və dövləti durduqca Heydər Əliyev, onun milli dövlətçiliyə dair nəzəri irsi və praktik təcrübəsi də daim yaşayacaq.