Balakən Rayon İcra Hakimiyyətinin başçısı növbəti onlayn müşavirə keçirib
İyunun 18-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına riayət edilməsi, əhali arasında maarifləndirmə və təbliğat işlərinin daha da genişləndirilməsi ilə bağlı növbəti onlayn müşavirə keçirib.
Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev koronavirus infeksiyasının (COVİD-19) Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən ölkə üzrə bu infeksiyaya yoluxanların sayı kəskin artdığını bildirib. Bununla əlaqədar olaraq rayon rəhbəri qeyd edib ki, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən görülən tədbirlər daha da gücləndirməli, yaradılmış mobil qruplar tərəfindən polis orqanlarının nümayəndələri ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar və s.), ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılmalı, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.
Müşavirədə əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işlərinin davam etdirilməsi diqqətə çatdırılıb.
Həmçinin müşavirədə cari məsələlər müzakirə olunub və Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tərəfindən aidiyyəti tapşırıqlar verilib.