Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası

30 iyun 2020 | 16:00

Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən mötəbər tədbirlər onu göstərir ki, bizim ölkə öz beynəlxalq vəzifələrinə olduqca məsul yanaşır.
   Dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğu bir dövrdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) dövlət və hökumət başçılarının dünyada və adıçəkilən təşkilata daxil olan dövlətlərdə yaşanan koronavirus pandemiyası və onun qarşısının birlikdə alınması, bu yöndə birgə addımların atılması, xilas yollarının axtarılıb tapılması ilə bağlı fövqəladə zirvə görüşünə nail olan və həmin tədbiri uğurla başa çatdıran dövlət başçımız daha bir mötəbər təşkilatın – Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etmiş, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik!” mövzusunda Zirvə görüşü baş tutmuşdur. Bununla da dövlət başçımız tarixi hadisənin yaşanmasına növbəti dəfə imza atmışdır.
   Hər iki fövqəladə Zirvə görüşü göstərdi ki, Azərbaycan dövləti, onun lideri ən çətin situasiyalarda belə düşünülmüş, gələcəyə və nikbinliyə, optimizmə yönəlmiş addımların atılmasına, qərarların verilməsinə hazır və qadirdir. Ölkə prezidenti hər iki təşkilata üzv olduğu ilk gündən etibarən qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə və ən yüksək səviyyədə gəlir, gənc olmasına baxmayaraq beynəlxalq aləmdə böyük uğurlara imza atır, qlobal təhlükə olan koronavirus pandemiyasına qarşı mübarizədə atdığı addımlarla ölkələr arasında həmrəyliyi və əməkdaşlığı daha da möhkəmləndirir.
   Hər hansı hərbi-siyasi bloka qoşulmayan və müstəqil təhlükəsizlik siyasəti yürüdən ölkəmiz Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olan, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayan Qoşulmama Hərəkatına üzv olduğu ilk gündən etibarən hərəkatın işində fəal iştirak edərək beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməklə böyük nüfuz qazanmışdır. Zirvə görüşündə ölkə Prezidenti növbəti dəfə çox dolğun, məzmunlu, əhatəli və proqram xarakterli nitq söyləyərək, dünyaya birlik və bərabərlik mesajlarını verdi, kömək, yardım əlini uzatdı. Bu mesajlarla Azərbaycanın, dövlət başçımızın qətiyyəti, qüdrəti hər kəs üçün bir daha aşkar oldu. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.
   Beynəlxalq öhdəliklərinə çox ciddi və məsuliyyətlə yanaşan və koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verən Prezident İlham Əliyev çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Lakin təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmədi. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi.
   Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü isə dünyanın 130-dan çox dövləti dəstəkləyərək ölkəmizə olan böyük etimad və hörmətlərini bir daha nümayiş etdirdilər.
  Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan oldu. Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
   Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir. Əminik ki, İlham Əliyev Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək və bu sessiya dünyanı bürüyən pandemiyaya qarşı qlobal cavabın və COVİD-19 bəlasından çıxış yollarının tapılmasına öz müsbət töhfəsini verəcəkdir.

Keçidlər