Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi

09 iyul 2020 | 16:00

Dövlətimizin başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində televiziya kanallarına müsahibəsində bildirmişdir ki, 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir

   Bugünümüzün əsas çağırışı COVID-19-un yaratdığı çətinliklərdən birgə çıxmaq, hər bir ölkənin malik olduğu imkanları, təcrübəni ortaya qoymaqla digərlərinin də bu bəlanın sonrakı dalğalarından müəyyən mənada az itki ilə çıxmasına dəstək olmaqdır. Ona görə müəyyən mənada qeyd edirik ki, artıq dünya ölkələrinin hazırda istər insan tələfatı, istərsə də iqtisadi durumla bağlı hansı çətinlikləri yaşadıqları göz önündədir. Statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, xəstəliyə yoluxma və ölüm hallarının sayı xeyli artıb. Bəzi ölkələrdə məhdudlaşdırıcı tədbirlərin yenidən tətbiq olunmasına ehtiyac vardır.
   Dövlətimizin başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində Azərbaycanın cari ilin fevralından bu günədək koronavirus pandemiyasına qarşı aradığı mübarizə tədbirlərindən, tətbiq olunan özünütəcrid qaydalarına Ümumdünya Səhiyyə Təşkilatından verilən dəstəyə, həmçinin ölkəmizin təşəbbüsü ilə keçirilən videoformatda Zirvə görüşlərinin əhəmiyyətindən, ölkəmizin beynəlxalq mövqeyinin günbəgün möhkəmlənməsindən, işğalçı Ermənistanın beynəlxalq hüququn norma və pinsiplərini kobud şəkildə pozmasına ikili yanaşmadan və sair kimi reallıqlardan geniş bəhs etmişdir. Ümumi fikir bu olmuşdur ki, Azərbaycanın ötən dövr ərzində əldə etdiyi təcrübə, malik olduğu imkanlar hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. 2008-ci ildə dünyanı büryən iqtisadi və maliyyə böhranının nəticələrini öz üzərində az şəkildə hiss edən ölkəmizin həmin illərdə dünyaya nümayiş etdirdiyi iqtisadi artım dövrün, zamanın tələblərinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatların aydın mənzərəsini yaratmışdır. Bu gün də ölkəmiz həmin mənzərəni təqdim etməkdədir. Cənab İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Pandemiya digər ölkələr kimi, Azərbaycanın da iqtisadiyyatına öz mənfi təsirini göstərir. Cari ilin beş ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə bunu aydın görürük. “2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bizim bütün planlarımıza da müdaxilə etdi və biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atdıq, o cümlədən ticarət sahəsində, digər sahələrdə” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, iqtisadiyyatda tənəzzülə uğrayacağımızı güman edirdik. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Seçim qarşısında olanda seçimimiz birmənalı, tərəddüdsüz idi. İnsanların sağlamlığı ön, iqtisadiyyat ikinci plandadır. Amma bununla yanaşı, heç bir sosial layihə təxirə salınmadı. Cənab İlham Əliyev COVID-19-a qarşı mübarizə tədbirlərinə başlayarkən İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, təbii ki, pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi iqtisadiyyatımıza da böyük problemlər yarada bilər. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır: “İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.”
   Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənən, 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə, 10 yardım proqramını özündə ehtiva edən Fəaliyyət Planı dövlətimizin qeyd olunan istiqamətlərə diqqət və qayğısını nümayiş etdirdi. Bu yardım proqramları ölkəmizin iqtisadi və sosial gücünün təqdimatı kimi dəyərləndirildi. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə həm iqtisadi, həm də maliyyə imkanlarının genişləndirilməsini stimullaşdırdı. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi. Qeyd edək ki, son 16 ildən artıq dövrdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir. Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu uğurlar dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının nəticəsidir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2019-cu il Azərbaycanı bütün istiqamətlərdə təkmil islahatlara imza atan ölkə kimi tanıdıb. Cari ilin əvvəlindən bu günədək həyata keçirilən sosial layihələr iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasını təsdiqləyir. Cari ildə ən həssas təbəqəyə aid olan layihələr icra edilir. Məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alan ailələrin sayı artıb. Bu rəqəm təqribən 85 minə yaxınlaşır. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib. Baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Kənd təsərrüfatı 3 faizdən çox artıb. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində ölkəmizdə sənayeləşmə prosesinin təzahürüdür. Bu statistik rəqəmlər bütövlükdə cari ili də lazımi səviyyədə başa vuracağımıza əminlik yaradır. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ayda valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıb.
   Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı vaxtdan Azərbaycanın dünyaya səs salan əsas çağırışı bu oldu ki, biz birlikdə güclüyük! Bu çağırış isə öz növbəsində birliyi, həmrəyliyi bir tələbə çevirdi. Tətbiq olunan qaydalarda ümumi məqsəd bu idi ki, virusa yoluxma və ölüm halı sağalma halını üstələməsin. Müsbət dinamikanı qorumaq, əvvəlki həyata qayıtmağımızı istəyiriksə, mübarizə tədbirlərinin uğurlu davamına dəstək olmaq gərəkdir.

Keçidlər