Qlobal həmrəylik pandemiydan qurtuluşun mühüm şərtidir
Aylardır qlobal pandemiya ilə mübarizədə aciz durumda qalan dünya dövlətləri böhran şəraitindən qurtula bilmir. Koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsiri və iqtisadiyyatın, ticarətin ciddi şəkildə tənəzzülü aydın şəkildə görünməkdədir. Bütün bunlar mövcud problemi getdikcə daha da dərinləşdirir. Mütəxəssislər hesab edirlər ki, qlobal problemdən qurtulmaq bir sıra şərtləri diktə edir və onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir.
Məhz belə bir məqamda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü reallığa çevrilir. Beynəlxalq təşkilatın Baş katibi Antonio Quterreş də Azərbaycan Prezidentinin irəli sürdüyü təklifi dəstəklədiyini bəyan edib. Qeyd edək ki, Azərbaycan Prezidenti bu təklifi hələ mayın 4-də Qoşulmama Hərəkatının «COVID-19-a qarşı birlikdəyik» mövzusundakı Zirvə görüşü zamanı irəli sürmüşdü. Ölkəmizin başçısının bu təşəbbüsünə qısa zamanda 130-a qədər ölkə dəstək verərək, BMT Baş katibinin ofisini məlumatlandırmışdı. İyulun 8-də isə dövlətimizin başçısı ilə Antonio Quterreş arasındakı telefon danışığı zamanı Baş katib bu təşəbbüsə tam dəstəyini nümayiş etdirdi.
Qlobal pandemiyaya qarşı ölkə daxilində qabaqlayıcı tədbirlər görən Prezident İlham Əliyev koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmədi. Həm Qoşulmama Hərəkatı, həm də Türk Şurasına rəhbərlik edən ölkəmizin başçısı epidemiyaya qarşı qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı dünya dövlətlərinə çağırışlar etdi. Bir sözlə, virusun qlobal problemə çevrilməsini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edən cənab İlham Əliyev bununla dünya birliyinə mühüm mesaj ünvanladı. Hətta Prezidentin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, mayın 4-də Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirus epidemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olmuşdur.
Artıq dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsləri təqdir edir. Çünki dünya görür ki, indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsi bəşəri bəlanın neytrallaşdırılmasında önəmlidir. Bu mənada cənab İlham Əliyevin söylədiyi kimi, koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir.
Əvvəlcə onu qeyd edək ki, 130 dövlətin cənab İlham Əliyevin təşəbbüsünə dəstək nümayiş etdirməsi Azərbaycan Prezidentinə olan inamın, etibarın və etimadın göstəricisi kimi dəyərləndirilməlidir. Həmçinin beynəlxalq təşkilatların rəhbərləri tərəfindən pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir.
İyulun 8-də Antonio Quterreşlə telefon danışığı zamanı Azərbaycan Prezidentinin təşəbbüsünə BMT-nin Baş katibi səviyyəsində göstərilən tam dəstək də cənab İlham Əliyevin pandemiya ilə mübarizədə beynəlxalq həmrəylik modelinə verilən yüksək qiymət oldu.Prezident İlham Əliyev hətta xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.
Antonio Quterreş isə həm cənab İlham Əliyevin xüsusi sessiyanın keçirilməsi təşəbbüsünü dəstəklədiyini, həm də texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu söylədi. Eyni zamanda Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirdi.
Əlbəttə ki, bu təşəbbüsün beynəlxalq dəstək alması həm də onu göstərir ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir. Hətta qlobal böhran dövründə Azərbaycan Prezidentinin həm ölkə daxilində pandemiya ilə mübarizədəki qərar və sərəncamları, gördüyü mühüm tədbirlər, həm də beynəlxalq miqyaslı təşəbbüsləri, ehtiyacı olan 30 dövlətə göstərilən yardımlar bunu bir daha təsdiqləyir.