Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat vermişlər.
Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirmiş və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirmişdir.
İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayır. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ bilinmir. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur. Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir?
Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır. Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Məgər BMT-dən böyük hansısa təşkilat var? Bu mənada hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan qarşısındadır.
Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik, kompromis ruhunda əməkdaşlıq tələb olunur. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür.
Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir.
Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.