Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanın öz ərazilərini azad etməyə qadir olduğunu bir daha gördü

14 iyul 2020 | 16:00

2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumu Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində zərərsizləşdirilərək, düşmən geri otuzdurulmuş, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilmişdir. Sosial şəbəkələrdə yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbələr endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
   Bu gün Azərbaycan güclü orduya malikdir və silahlı qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Ermənistan hakimiyyətinin, guya, Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddialar isə yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Dünya isə Azərbaycanın öz ərazilərini azad etməyə qadir olduğunu bir daha gördü.
   Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hər hansı xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq. Ermənistan hərbi bölmələrinin Azərbaycan--Ermənistan sərhəddində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
   Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat bir daha onu göstərir ki, rəsmi İrəvan Ermənistan - Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan - Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.

Keçidlər