Ermənistan belə təxribatlarla diqqəti problemlərdən yayındırmağa çalışır
Ermənistan belə təxribatlarla diqqəti sosial-iqtisadi problemlərdən, yoxsulluqdan yayındırmağa çalışır. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri çəkilib, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib.
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də, yumşaq desək, həzm edə bilmirlər.
Rəsmi statistikada əhalisinin hər 4 nəfərindən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərindən birinin yoxsul hesab olunduğu Ermənistanda vəziyyət hazırda mürəkkəbdir. Paşinyan hakimiyyəti belə təxribatlarla problemi aradan qaldırmağa cəhd edir. Amma aydındır ki, bunların hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.
Təəssüf ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Görünən odur ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və Ermənistanda müşahidə olunan sosial-iqtisadi problemləri gündəmdən çıxartmağa hesablanıb. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.