Yaponiya hökumətinin dəstəyi ilə rayonda yeni layihənin icrasına başlanılmışdır
İyunun 21-də Balakən Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində həyata keçiriləcək “Balakənin Kortala kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.
Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe iştirak etmişdir.
Səfirə Balakən rayonu haqqında qısa məlumat verilmişdir. Bildirilmişdir ki, respublikanın hər yerində olduğu kimi, bu rayonda da əhalinin sağlamlığının qorunmasına, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. 2010-cu ildə Balakən şəhərində ən yüksək standartlara uyğun yeni xəstəxana kompleksinin tikilib istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə qayğısının bariz nümunəsidir.
Səfir Şusuke Vatanabe Balakənə ilk dəfə səfər etdiyini bildirmiş, rayonun çox gözəl təbiətə və turizm potensialına malik olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu layihə də daxil olmaqla, qrant yardımı Proqramı çərçivəsində indiyədək Azərbaycanda ümumi məbləği 13 milyon 381 min ABŞ dolları təşkil edən 167 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Tibb, təhsil, sosial müdafiə, ətraf mühit və ekologiya sahələrini əhatə edən bu layihələr əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
Sonra səfir Şusuke Vatanabe və “Gənclərin İnkişafı” İctimai Birliyinin sədri Rafiq İsmayılov sözügedən layihə üzrə qrant müqaviləsini imzalamışlar.
Layihənin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltməkdir. Layihədən Kortala və qonşu kəndlərin 8 min nəfərə yaxın sakini faydalanacaqdır. Layihənin ümumi dəyəri 121 min 726 ABŞ dolları təşkil edir. Tibb məntəqəsinin cari ilin oktyabrında sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.