8 Noyabr-Zəfər Günü Balakəndə böyük coşqu ilə qeyd olunub
8 Noyabr – Zəfər Günü Balakən rayonunda silsilə tədbirlər və böyük coşqu ilə qeyd edilib. Zəfər Günü ilə əlaqədar Balakən şəhəri dövlət bayraqları, “Xarı bülbül” təsvirləri ilə bəzədilib, rayon mərkəzində yerləşən monitorda “Xarı bülbül” embleminin, Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları nümayiş etdirilib, idman yarışları keçirilib.
Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də Balakən Rayon İcra Hakimiyyətinin İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhidlərin şəkillərinin önündən keçərək Şəhidlər Xiyabanına doğru yürüş ediblər. Tədbir iştirakçıları xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək qəhrəman Vətən oğullarının xatirəsini yad ediblər.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında davam etdirilən tədbirdə çıxış edən rayon rəhbəri İslam Rzayev bildirib ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir. Qeyd olunub ki, noyabrın 8-də şanlı Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılıb.
Digər çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib. Respublika incəsənət ustalarının və rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri izləyicilərə bayram ovqatı bəxş edib.
Axşam saatlarında Zəfər Günü ilə əlaqədar atəşfəşanlıq təşkil olunub.