Dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur
İyunun 23-də Heydər Əliyev Mərkəzində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edənlər rayonun dövlət qulluqçularına peşə bayramları münasibətilə təbriklərini çatdırmış, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət qulluqçularının rolunu xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü respublikamızda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Natiqlər ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkmiş, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Rayonun dövlət qulluqçuları çıxış edərək ümummilli lider Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı, xalqımızın rifahının yaxşılaşması üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini, dövlətimizə və xalqımıza vicdanla, namusla qulluq edəcəklərini bildirmişlər.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri təqdim olunmuşdur.