Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur

07 avqust 2020 | 16:00

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
   Bu sözləri Prezident cənab İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirə zamanı deyib.
   Cənab Prezident vurğulayıb ki, həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir.  Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.
   Ölkə başçısı bildirib ki, koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.

Keçidlər