Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiyanın bütün dünya iqtisadiyyatında yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilib

08 avqust 2020 | 16:00

Bütün bəşəriyyətin həyati təhlükə ilə sınağa çəkildiyi bir dövrdə karonavirus pandemiyasının dünyada yaratdığı qlobal problemlərə baxmayaraq Azərbaycanda həyata keçirilən effektiv qabaqlayıcı tədbirlərin, ilk gündən bugünkü günə qədər düşünülmüş dövlət siyasətinin, operativ qərarların qəbulu yolu ilə gərginliyin qarşısı önəmli ölçüdə alınmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd etdiyi kimi, artıq üç həftədir ki, ölkəmizdə müsbət dinamika müşahidə edilir.
   COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılmış, müasir tibbi laboratoriyalar, xüsusi avadanlıqlar alınmış, qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olunmuşdur. Ən qısa müddət ərzində koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmış, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmiş, 9 modul tipli xəstəxana istismara verilmişdir. Bu gün Respublikada 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir.
   Son dövrdə, əsasən, iyunun 21-dən etibarən ölkəmizdə xəstəlik çoxalmağa başlamış, lakin bütün resurslar xəstəliyə yönəlmiş, görülmüş preventiv tədbirlərin və həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir.
   Ölkə başçısı son müşavirədə qeyd etdi ki, bu gün ölkəmizdə bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ölkənin iqtisadi blokuna məsul dövlət qurumları durum dəyərləndirmələri aparır, planlar qurur, özəlləşdirmə sahəsində də daha geniş islahatların aparılması gözlənilir. Cənab prezidentin tapşırığına əsasən, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar iqtisadi canlanmanı təmin edəcək, itkiləri azaldacaqdır. Bu gün Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir.
   Azərbaycanda pandemiyanın yayılması sahəsində vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Lakin, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. Çünki, xəstəlik yoxa çıxmayıb, xəstəliyə qarşı mübarizə aparılır. COVİD-19 bu gün dünyanın bir nömrəli bəlasıdır. Şükür olsun ki, Azərbaycanda koronavirusla bağlı mövcud vəziyyətin nəzarətdən çıxmaması üçün bütün qüvvələr səfərbər edilib. Biz də vətəndaş olaraq qaydalara əməl etməklə dövlət tərəfindən görülən tədbirlərə dəstək olmuş olarıq.

Keçidlər