Yeni təmir olunan Talalar kənd uşaq bağçası istifadəyə verilib
Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Respublikamızda yüzlərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar yaradıb.
Son illər Balakən rayonunda mövcud olan 25 uşaq bağçası-körpələr evindən 5-i yenidən inşa olunub, 3-ü isə əsaslı təmir edilib. 15 sentyabr 2020-ci il tarixdə isə dövlət vəsaiti hesabına təmir olunan 4 qruplu 75 yerlik Talalar kənd uşaq bağçası-körpələr evi istifadəyə verilib. Bağçada görülmüş işlərlə tanış olan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafı üçün mühüm tədbirlər görüldüyünü qeyd edib, bunun uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bağçanın təmir olunmasının əhəmiyyətinə diqqət çəkən İslam Rzayev bu münasibətlə pedaqoji kollektivi təbrik edib.
Yeni təmir olunan bağçada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Bağçanın dəhlizləri, yataq və məşğələ otaqları yenilənib. Bağçanın həyətində abadlıq işləri aparılıb.
Qeyd edək ki, bu il təhsil ilinin başlanması pandemiya dövrünə təsadüf etdiyindən bağçalarda təmizlik, dezinfeksiya və tibbi-profilaktik işlər görülüb. Uşaq bağçaları gigyenik vasitələrlə təmin edilib, dezinfeksiya aparatları quraşdırılıb. Bağçaya daxil olan işçilərin və uşaqların hərarəti ölçülüb.