“Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur
Azərbaycanın incisi hesab olunan “Abşeron” yatağının əhəmiyyəti Azərbaycanın neft-qaz strategiyasının uğurla davam etdirməsində öz danılmaz yeri var. Hamıya bəllidir ki, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. Bu isə ö deməkdir ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Bütün dünyada artıq Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı kimi tanınacaqdır.
Ölkə başçımız cənab İlham Əliyev SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmişdir. Bu isə o deməkdir ki, ölkəmiz üçün əsas kontraktların hazırlanmasında, imzalanmasında cənab Prezidentin fəal rolu danılmazdır.
Təsadüfü deyil ki, cənab İlham Əliyev çıxışında demişdir: “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir”.
Hər bir işin başlanğıcı çətin olur. Təbii ki, ilk kontraktın uğursuzluğu anlaşılandır. Amma buna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır.
Bunun da məntiqi nəticəsi olaraq deyə bilərik ki, “Abşeron” yatağının istifadəyə verilməsi də məhz Ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi ilə baş tutur.
Geoloji təhlillər, hesablamalardan sonra bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Bu isə ölkə üçün çox əhəmiyyətlidir. Təbii ki, artan daxili tələbatı ödəmək məqsədilə Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir.
Əminliklə qeyd etmək istəyirəm ki, təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.
“Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər.
“Əsrin kontraktı”nın imzalandığı 1994-cü ildən 26 il keçib və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.
Bu isə onu göstərir ki, zamanında ölkə rəhbərliyi düzgün qərar vermiş, lazımı kontraktlar imzalamış və Azərbaycanın uğurlu gələcəyi üçün böyük layihələrə imza atmışdır.