Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçilərin əməyi əsl qəhrəmanlıqdır

22 sentyabr 2020 | 16:00

20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu bayramı Azərbaycan neftçisinə ulu öndər Heydər Əliyev bəxş edib, bu gün hər il təntənə ilə qeyd edilir. 20 sentyabr həm də "Əsrin müqaviləsi" adını almış və 1994-cü ildə baş vermiş 7 ölkənin 11 aparıcı şirkəti ilə birlikdə möhtəşəm sazişin imzalandığı gündür.
   Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması Ümummilli Liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. ”Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, ulu öndərin uzaqgörən siyasətinin daha bir nəticəsi, Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsi idi.
   “Əsrin müqaviləsi”ndən sonra neft və qaz müqavilələri üzrə aparılan işlər artıq keyfiyyətcə yeni, həlledici mərhələyə daxil olur. Bu, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının tammiqyaslı işlənilməsi, habelə “Şahdəniz” kimi dünya miqyaslı qaz yatağının işlənilməsi, “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin və “Şahdəniz” yatağından təbii qazın ixrac boru kəmərinin tikintisi və istismara verilməsi layihələri, o cümlədən “Abşeron” qaz-kondensat yatağı  ilə bağlı məsələlərə aiddir.
   Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar diyarı” kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.
   XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan ikinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında əsas  rol oynamışdır.
   Ölkəmizin ən böyük nailiyyətlərindən biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsidir. 1949-cu ildə, sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olundu.
   Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları – böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  ”Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində demişdir: “Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır.”
   Azərbaycan neftçiləri, bayramınız mübarək! Həmişə qəlbiniz dəniz, gücünüz  ümman boyda olsun. Yerin təkindən, Xəzərin dibindən çıxardığınız sərvət heç vaxt tükənməsin!

Keçidlər