Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

28 sentyabr 2020 | 16:00

27 sentyabr tarixində Ermənistanın ölkəmizə növbəti hərbi təxribatı ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilmişdir.  İclasda çıxış edən Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bildirib: “ 27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi. Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq”.
   Ermənistan iqtidarının çirkin üsullara müraciət etdiyini, 27 sentyabr tarixli təxribat xarakterli hadisələrin bunun bariz nümunəsi olduğunu bildirən ölkə başçısı  Ermənistan hakimiyyətinin əsas hədəfinin Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaq məqsədi daşıdığını vurğuladı.
   “Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizədir”-deyən Ali Baş Komandan on minlərlə insanın orduya könüllü kimi yazılmasının, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktının Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verdiyini bildirdi: “Qələbələrimiz, xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. Orduya könüllü kimi yazılanların sayının dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan, əsgərlərə güvəndən irəli gəlir”.
   Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioriteti olduğunu göstərir. Güclü dövlət güclü ordu deməkdir.
   “27 sentyabr  hadisələri bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib”-deyən dövlət başçısı Azərbaycanın digər ölkələrin torpaqları ilə işi olmadığını, bunun bir daha  ermənilərin işğalçı siyasətini ifşa etdiyini bildirdi.
   Çıxışının sonunda dövlət başçısı bildirib:- “27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqəsinin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırdı”.

Keçidlər