Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusu öz torpağında döyüşür

01 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsinin qəbulu mərasimində bizim öz torpaqlarımızda döyüşdüyümüzü qeyd edib. “Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq” deyən Prezident, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyini vurğulayıb və buna görə minnətdarlığını bildirib: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib”.
   Ermənistanda diktator rejimi var. Bu barədə söhbət açan ölkə başçısı qeyd edib ki: "İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur”.
   Ermənistanın 4 qətnamənin tələblərinin kobud şəkildə pozmasına münasibət bildiriən ölkə rəhbəri vurğulayıb: "Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O, göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Sonra o, deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”.
   Pakistanın Azərbaycana verdiyi dəstəyin əhəmiyyətini ölkə başçısının səfirlə olan səmimi söhbətindən də aydın şəkildə görmək mümkündür. Belə ki, cənab Prezident qeyd edib: "Mən bir daha Pakistandakı qardaşlarımıza minnətdarlığımı bildirmək istərdim. Biz bu dəstəyi hiss edirik. Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan”.
   Türkiyənin tam və açıq şəkildə dəstəyini, qardaş ölkənin hər zaman bizimlə olduğunu vurğulayan Prezident  İlham Əliyev  bildirib ki: "Türkiyə Prezidenti, qardaşım Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram!. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq”.

Keçidlər