Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir

15 iyul 2013 | 15:00

İyulun 13-də Balakən şəhərində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.
Tədbiri YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq bu gün Azərbaycanın bütün bölgələri kimi, Balakən rayonunun da sürətlə inkişaf etdiyini, bu inkişafın bütün sahələri - mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələri əhatə etdiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP rayon təşkilatının üzvlərinin sayı son illər daha da artaraq 4200 nəfərə çatmışdır. 2012-ci ildə 426, bu ilin ötən dövründə isə 132 nəfər partiya üzvlüyünə qəbul edilmişdir. Sevindirici haldır ki, yeni üzvlüyə qəbul olunanların böyük əksəriyyəti gənclərdir. Bu, Azərbaycanın gələcəyinin təminatçısı olan gənclərin Prezident İlham Əliyevin siyasətini bəyəndiklərini və dəstəklədiklərini bir daha sübut edir. Təşkilat sədri bildirmişdir ki, qarşıdan çox məsul siyasi kampaniya - prezident seçkiləri gəlir. Yap rayon təşkilatının üzvləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyaya çox ciddi hazırlaşırlar.
Görüşdə YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edərək Balakən rayonunda aparılan tikinti-quruculuq işlərinin onda olduqca xoş təəssürat yaratdığını bildirmişdir. Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilmiş V qurultayında partiyanın sədri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürüldüyünü məmnunluq hissi ilə qeyd edən YAP sədrinin müavini, qurultayda qəbul edilən qərarın əslində Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyindən keçən bir fikir olduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin namizədliyinin Azərbaycan xalqının əksəriyyəti tərəfindən dəstəklənməsi çox ciddi əsaslara söykənir. Bu əsaslar hər şeydən əvvəl dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda 2003-cü ildən bu günədək - 10 il ərzində həyata keçirilən siyasət və bu xəttin böyük uğurları ilə bilavasitə əlaqədardır. Bu illər ərzində Azərbaycan bir dövlət olaraq daha da qüdrətlənmiş, gücü daha da artmışdır. Dövlətin gücünün, qüdrətinin artmasının iqtisadi əsası, zəmini yaranmışdır.
Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını nəzərə çarpdıran YAP sədrinin müavini, dünya tarixində belə qısa müddət ərzində heç bir ölkənin iqtisadiyyatının üç dəfə artmasına dair məlumatın olmadığını bildirmişdir. Qeyd etmişdir ki, yalnız Azərbaycan ötən 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında bu dərəcədə möhtəşəm bir yüksəlişi təmin edə bilmişdir.
YAP sədrinin müavini-icra katibi bildirmişdir ki, bu iqtisadi yüksəliş Azərbaycanın həyatının bütün sahələrində dəyişikliklər üçün ciddi əsaslar yaratmışdır. Bu iqtisadi yüksəliş, eyni zamanda, insanların həyat səviyyəsinin dəyişməsinə gətirib çıxarmışdır. Bu illər ərzində Azərbaycanda həyat, sözün həqiqi mənasında, əhəmiyyətli dərəcədə dəyişmişdir. Bunun əsas səbəblərindən biri də odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini, mənasını və məğzini insan amili təşkil edir. İqtisadi inkişaf insanların həyat səviyyəsini yüksəltmişdir. Bu gün insanlar daha yaxşı yaşayır, ehtiyacları daha dolğun ödənilir. Artıq Azərbaycanın hər bir yerində böyük yeniləşmə ab-havası və reallıqları yaşanmaqdadır. Prezidentin rəhbərliyi altında həyata keçirilən yenidənqurma, müasirləşmə siyasəti insanların həyatının mənasını dəyişdirir, onun yeni çalarlarını formalaşdırır.
Bildirilmişdir ki, Azərbaycanın bütövlükdə iqtisadiyyatında, dövlətimizin gücünün artmasında, fundamental yeniliklərin baş verməsində, həyatımızın yeni çalarlarının meydana gəlməsində bilavasitə əvəzsiz xidmətləri olduğuna görə Azərbaycan vətəndaşları İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər.
Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmişlər. Xüsusi vurğulanmışdır ki, balakənlilər oktyabrda keçiriləcək prezident seçkilərində ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf kursunu dəstəkləyəcək, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinin qalib gəlməsi üçün bütün qüvvələri səfərbər edəcəklər.

Sonda Balakən RİHB İslam Rzayev çıxış edərək, rayonda hər bir sahədə  görülmüş işlərdən söhbət açmışdır. Bu gün rayon mərkəzi ilə bərabər ən ucqar kəndlərin belə sosial iqtisadi inkişafı diqqətdə saxlandığını vurğulamışdır. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2012-ci ildə 2,8 dəfə artaraq 147,29 mln. manata, sənaye məhsulunun həcmi 4,2 dəfə artaraq 5,9 mln. manata, kənd təsərrüfatı məhsullarının həcmi 1,4 dəfə artaraq 53,6 mln manata çatdığını qeyd etmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2003-cü ildən hazıradək  6520 şagird yerlik 26 yeni məktəb binasının tikilmiş, 2 məktəb binası  təmir olunmuş, 187 çarpayılıq yeni xəstəxana, Olimpiya idman kompleksi, “Qubek” oteli, əlil və şəhid ailələri üçün 36 və 8 mənzilli yaşayış binaları, saatda 216 nəfərə xidmət edən 6 kabinəli kanat yolu,  illik istehsal gücü 80 min ton olan yem istehsalı zavodu, mərkəzi kitabxana, avtovağzal, ticarət kompleksi, Mazımçay sərhəd keçid məntəqəsi, rayonun idarə və təşkilatları üçün 6 inzibati bina, “Gənclər evi” və digər obyektlər tikilərək istifadəyə verilmişdir. Kommersiya əhəmiyyəti belə olmasa ən ucqar kəndlərin qazlaşdırıldığı xüsusi qeyd edilmişdir. Qazlaşma cari ilin axırına rayon üzrə tam başa çatacaqdır.

Yekunda qonaqların sıx iş qrafiki olmasına baxmayaraq rayonumuzda belə bir görüşə gəldikləri üçün təşəkkürünü bildirmişdir.

Tədbirin sonunda YAP-na  qəbul olmuş 8 nəfər gəncə partiya vəsiqələri təqdim olunmuşdur.

Keçidlər