Prezident İlham Əliyev: “Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Ölkə Prezidenti İlham Əliyev səfirlə söhbətində ölkələrimiz arasında strateji münasibətlərin, qardaş münasibətlərinin bir daha təsdiqləndiyini və Pakistanın qardaş ölkə olduğunu qeyd edib, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı bildirib ki: "Əvvəla mən də sizdən ölkənizin Prezidentinə və Baş Nazirinə ən xoş salamlarımı çatdırmağınızı xahiş etmək istəyirəm. Onlarla görüşlərimi xatırlayıram. Cənab Prezidentlə bir neçə dəfə görüşmüşəm. Onunla son görüşümüzü və onun Bakıda keçirilmiş Qoşulmama Hərəkatının sammitində fəal iştirakını xatırlayıram. Davosda Dünya İqtisadi Forumunda cənab Baş Nazirlə də görüşüm xatirimdədir. Biz ölkələrimiz arasında strateji münasibətləri, qardaş münasibətlərini bir daha təsdiqlədik. Sizin də qeyd etdiyiniz kimi, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı ölkənizin Azərbaycana davamlı dəstəyinə görə sizə minnətdarıq”.
İlham Əliyev Kəşmir problemində Pakistanın yanında olduğumuzu qeyd edərək bildirib: "Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur.
Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür”.
Azərbaycan ordusunun adekvat cavab verdiyini bildirən ölkə başçısı onu da vurğulayıb ki: "Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxalanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi”.
Dövlətimizin başçısı qeyd etdi ki: "Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsində azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir”.