Şriftin ölçüsü :

Saytın rəngi :

Fransa tərəfsizliyini qoruya bilmir

03 oktyabr 2020 | 16:00

Ermənistanın  təxribatına cavab olaraq Azərbaycanın  işğal altında olan torpaqlarını düşməndən  azad etməsiylə bağlı həyata keçirdiyi əks hücum əməliyyatları  6 gündür  davam edir.Əməliyyatların başladığı gündən etibarən ilk olaraq Türkiyə, Pakistan , Əfqanıstan, İsrail,Moldova, Ukrayna kimi ölkələr bəyanat verərək Azərbaycanın yanında olduqlarını ifadə etdilər.
   Münaqişənin nizamlanması prosesinə məsuliyyət  daşıyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın isə hərbi əməliyyatlar başladığı gündən tutduğu mövqe qəti olaraq anlaşılan deyil.
   Xüsusilə də Fransa prezidenti Emmanuel Makronun bəyanatları  bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.  Məlumdur ki, vasitəçilik missiyasını üzərinə götürən  bir ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. O cümlədən tərəflərə yanaşmada balansı nümayişkarcasına poza da bilməzdi.
   Ancaq çox təəssüf ki, Fransa prezidenti məhz bu yolu tutub. Belə bir mövqenin  səbəbləri isə gün kimi aydındır. Belə ki, Fransada prezidentlərin seçilməsində erməni lobbisinin rolu böyükdür. Fransa prezidenti də ilk növbədə, öz siyasi maraqlarını və gələcək seçki prosesini düşünür.
   Məlumdur ki, Makron prezident seçildikdən sonra qondarma erməni soyqırımı məsələsini bir neçə dəfə gündəmə gətirib. Hətta 24 apreli qondarma erməni soyqırımının anma günü də elan edib.
   Makronun ötən ilin fevral ayında “soyqırımı”la bağlı keçirdiyi toplantıda sabiq ASALA terror təşkilatının Fransadakı əsas nümayəndəsi Jean Mark Toranyanın da iştirak etdiyi kadrlarda əks olunmuşdu. Toranyan hazırda Fransada erməni lobbisinə rəhbərlik edir. Makron isə  bəyanatlarında  qondarma soyqırım mövzusunda Fransada yaşayan erməniləri və Ermənistanı hər zaman dəstəkləyəcəyini bəyan edib.
   Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir.

Keçidlər