Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”

06 oktyabr 2020 | 16:00

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Ölkə Prezidenti müraciətində Cəbrayıl rayonunun işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”.
   Azərbaycan işğalçı ölkə deyil. Bunu dövlətimizin başçısı xalqa müraciətində də bir daha qeyd edib. Ölkə Prezidenti bildirib ki: “...Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ Respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”.
   Bu gün fəxrlə söyləyə bilərik ki, Azərbaycan xalqının qələbə salnaməsi yazılır. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Təbii ki, qəhrəman Azərbaycan əsgərinin sayəsində hər gün yeni qələbələrin şahidi oluruq. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb.

Keçidlər