Şriftin ölçüsü :

Saytın rəngi :

Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

06 oktyabr 2020 | 16:00

“Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır”.
   Bu fikirləri oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa ünvanladığı müraciətində söyləyib.
   Dövlət başçımız çıxışına qələbə xəbərlərini dilə gətirməklə başladı: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”
   Sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücuma keçib yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra Azərbaycan Ordusu beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirməklə, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçdi. İşğalçı Ermənistan bir neçə gündür Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələrinə davam gətirməyib böyük miqdarda canlı qüvvə və texnika itirir. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutması faktı sübut edir ki, Azərbaycanın güclü ordusu var və bu, təkzibolunmaz faktdır. Bütün bəşəri mədəniyyət nümunələrinə, o cümlədən İslami dəyərlərə daim önəm verən Azərbaycan Prezidenti ermənilərin işğal etdikləri qədim türk torpaqlarında dini ibadət yerlərinin təhqir edilməsindən ciddi şəkildə narahat olaraq xalqa bildirib: “Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”.
   Dövlət başçımız bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən də ciddi narazı olduğunu Azərbaycan xalqının diqqətinə çatdırdı: “Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”
   Dövlət başçısı həm daxili auditoriyada əminlik, inam və ümid yaratmaq üçün, həm də Ermənistana himayədarlıq edən ikili standart müəlliflərinə mesaj göndərmək məqsədilə müraciətini konkret və qətiyyətli notlarla başa vurur: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”                                                                            

Keçidlər